Azərbaycan Kinosu

Azərbaycan kinosunun tarixi

Kino sənətinin yaranması

Azərbaycanın kino tarixi 1898-ci ildən başlayır. 19-cu əsrin axırlarında Lumiere qardaşlarının ixtira etdiyi “Cinemantographe” maşını artıq Bakıya da gətirilmişdi.

Fransız fotoqraf və operator Alexandre Michonu Azərbaycan film sənayesinin banilərindən hesab etmək olar. Belə ki, 25 ildən artıq bir müddətdə Bakıda yaşamış Michon burada fotostudiya açmış və ilk foto dərnəyi yaratmışdı. Təsadüfi deyil ki, elə 1879-1905-ci illər arasında Bakının gözəl məkanları, neft çıxarılması və emalı, neft fontanları və yanğınlar haqqında o dövr üçün ciddi xronikal süjetlər çəkilmişdi. Onun çəkdiyi “Bibiheybətdə neft fontanı yanğını” xronikal süjetinin fraqmentləri Fransada, dünya kinomatoqrafiyasının yüz illik yubileyinə həsr olunmuş filmə daxil edilmişdi.

O zamanki məşhur qəzetlər belə bir elan yazırdı:

“1898-ci il 2 Avqust, bazar günü, A.Michon Lumiere kamerası ilə çəkilmiş və mühəndis Jules Carpentier tərəfindən işlənilmiş hərəkətli film nümayiş etdirəcək. Qafqazın və Mərkəzi Asiyanın bu filmləri Beynəlxalq Paris Sərgisi üçün hazırlanıb və ancaq Bakıda V.I Vasilyev-Vyatski Sirk Teatrında tədqim olunacaq.”

 

“Balaxanıda neft fontanı” filmi, Bakı,1898, rejissor Aleksandr Michon. 35mm kinolent üzərində, Lumiere cinematograph aparatı ilə çəkilmişdir. Film kino sənətində ilk nümunələrindən biri hesab edilir. “Balaxanıda neft fontanı” Parisdə Beynəlxalq Sərgidə də nümayiş edilmişdir.

 

20-ci əsrin əvvəlləri

Növbəti mərhələdə bütün dünyadakı kimi Bakıda da film sənayesi inkişafını davam etdirirdi. 1915-ci ildə Pirone qardaşları Bakıda film istehsalı labaratoriyasının əsasını qoydular. Onların dəvəti ilə Bakıya işləməyə gələn rejissor Boris Svetlov “Qadın”, “Ölümündən yarım saat qabaq”, “Yeni üslubda köhnə hekayə” filmlərini çəkdi. Onun çəkdiyi filmlərdən ən məşhuru, ilk Azərbaycan bədii kinosu hesab edilən “Neft və milyonlar səltənətində” filmi oldu. Film 1915-ci ildə, İbrahim bəy Musabəyovun  eyni adlı romanı əsasında çəkilmişdi. Filmdə Lütfəli bəy rolunu Azərbaycanın görkəmli aktyoru Hüseyn Ərəblinski oynamışdı.

1916-cı ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Hələ o zamanlar qadınların səhnəyə çıxmasına icazə verilmədiyindən Gülçöhrə Əhmən Ağdamski, Cahan rolu isə Y.Nərimanov tərəfindən canlandırıldı.

Sonralar Cümhuriyyət dövründə 1919-cu ildə çəkilmiş və Azərbaycanın müsəqilliyinin ildönümünə həsr olunmuş “Təntənə” filmini qeyd etmək olar.

 

 Bakıda ilk kinostudiya, 1920-ci il. Hökumət Binasının arxasında yerləşən studiya artıq mövcud deyil.
Bakıda ilk kinostudiya, 1920-ci il. Hökumət Binasının arxasında yerləşən studiya artıq mövcud deyil.

 

Sovet dövrü

Azərbaycan kino sənətinin yeni mərhələsi ölkədə Sovetlər rejiminin ilk illərinə təsadüf edir. Film sənayesi Sovetlər birliyinin əlində cəmləşdiyi üçün çəkilən filmlərin ideya və məzmununa ciddi nəzarət qoyulurdu. Sovet ideologiyası mövzusu filmlərin əsas qayəsini təşkil edirdi.  Xalq Təhsili Kommissarlığının tərkibində yaradılmış İncəsənət şöbəsinin film bölməsi bu sahəyə nəzarət edən ciddi bir dövlət qurumu idi. 1922-ci ildə Azərbaycanfilm kinostudiyasının sələfi sayılan ilk film istehsalı şirkəti yaradıldı. 1923-cü ildə yaradılmış Azərbaycan Foto-Kino İdarəsi bütün özəl foto, kinoteatr və prokat idarələrinin milliləşdirilməsi və birləşmiş nəzarətini həyata keçirirdi. Elə bu dövrlərdə ilk Azərbaycan Sovet filmi sayılan “Qız qalası” filmi çəkildi.

Sovet Birliyi dövründə bütün bu sıxıntılara və nəzarətə baxmayaraq Azərbaycan kinosunun inciəri sayılan bir çox filmlər xalqa təqdim olundu.  “Bakılılar”, “O olmasın bu olsun”, “Arşın mal alan”, “Qızmar günəş altında”, “Bir məhəlləli iki oğlan”, “Sən niyə susursan”, “İstintaq davam edir”, “Onu bağışlamaq olarmı” “Ulduz”, “Görüş”, “Nəsimi”, “Yeddi oğul istərəm”, “Dəli Kür”, “Axırıncı aşırım”, “Mən ki gözəl deyildim”, “Bəxtiyar”, “Əhməd haradadır”,  “Şərikli çörək” , “Bəyin oğurlanması”, “Papaq”, “Gün keçdi”, “Təhminə”  və s. filmlər hətta indi də müasir tamaşaçı tərəfindən diqqətlə izlənilən əsərlər sırasına düşmüşdür.

 

“Arşın mal alan” Azərbaycan kinosunun ən gözəl və sevilən nümunələrindəndir.”

 

Müasir dövrdə kino

1991-ci il 18 oktyabrda Azərbaycan müstəqilliyini bərpa etdi. Bununla da Azərbaycan mədəniyyəti də yeni mərhələyə qədəm qoydu. Çəkilən filmlərin ideya və mövzularında da dəyişiklik müşahidə olunur. Bu dövrlərdə I Şərq-Qərb Bakı Beynəlxalq Film Festivalı keçirildi. Film sahəsinə qayğının nümunəsi kimi 2 Avqust kino sənətçilərinin peşə bayramı elan edildi. 20 ildən çox davam edən müharibə vəziyyəti, ölkədəki siyasi-sosial və iqtisadi çətinliklər kino sənətinə də mənfi təsirini göstərsə də son illərdə kino sənətində yeni inkişaf dövrü başlamışdır.

Müasir dördə vətənpərvərlik filmlərdə başlıca mövzulardan birinə çevrilmişdir. Bu illərdə “Ağ atlı oğlan”, “Ümid”, “Fəryad”, “Arxada qalmış gələcək”, “Yalan” və s. filmlər çəkilmişdir. Bu filmlərdə müharibənin çətinlikləri, vətənpərvərlik, mübarizə, qələbəyə ümid ifadə olunmuşdur.

90-cı illərdən başlayaraq müasir Azərbaycan kinosu beynəlxalq film festivallarında təmsil olunur. 1996-cı ildə Hüseyn Mehdizadənin “Özgə vaxt” filmi Beynəlxalq Madrid Film Festivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı gənc aktrisa” nominasiyalarında qalib olmuşdur. Bundan başqa, Oqtay Mirqasımovun “Ovsunçu”, Yavər Rzayevin “Sarı gəlin”, Eldar Quliyevin “Girov” filmləri də müxtəlif beynəlxalq festivallarda mükafata layiq görülüb.

Leave a Reply

Your email address will not be published.